BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
1 sentyabr 1919-cu il - Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən Bakı Dövlət Universiteti (2 fakültə ilə - Tibb və Tarix-filologiya) təsis edilib. 1 sentyabr 1943-cü il - Geologiya-coğrafiya fakültəsi yaradılıb.1 sentyabr 1962-ci il - Kitabxanaçılıq fakültəsi müstəqil fəaliyyətə başlayıb.2 sentyabr 1938-ci il - Faydalı qazıntılar kafedrasının müdiri (1986-cı ildən), Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Vasif Məmməd Ağa oğlu Babazadə anadan olub. 2 sentyabr 1997-ci il - BDU-da Magistratura pilləsinə ilk dəfə qəbul keçirilib.3 sentyabr 2010-cu il - Rusiya Federasiyasının Prezidenti Dmitri Anatolyeviç Medvedev BDU-nun Fəxri doktoru seçilib.6 sentyabr 1964-cü il - indiki əsas tədris korpusu qismən istifadəyə verilib.7 sentyabr 2001-ci il - Türkiyənin “Doğan” Şirkətlər Qrupunun prezidenti Aydın Doğan BDU-nun Fəxri doktoru seçilib.7 sentyabr 2009-cu il - BDU-da Avrasiya Universitetləri Həmkarlar İttifaqları Assosiasiyasının 22-ci qurultayı keşirilib.8 sentyabr 1919-cu il - Azərbaycan hökuməti BDU-nun rektoru və dekanları haqda qərar qəbul edib. 9 sentyabr 1921-ci il - Astrofizika kafedrasının müdiri (1975-1992), AMEA-nın müxbir üzvü, professor Rəhim Əyyub oğlu Hüseynov (1921-2012) anadan olub.10 sentyabr 1933-cü il -Biofizika kafedrasının müdiri (1976-1993), professor Tofiq Hüseyn oğlu Məmmədov (1933-1993) anadan olub.13 sentyabr 1909-cu il - Ümumi dilçilik kafedrasının müdiri (1940-1951), Əməkdar elm xadimi, akademik Məmmədağa Şirəli oğlu Şirəliyev (1909-1991) anadan olub. 13 sentyabr 2002-ci il - Rektor, akademik Abel Məhərrəmov Qara Dəniz Hövzəsi Ölkələrinin Universitetləri Assosiasiyasının prezidenti (2002-2004) seçilib.13 sentyabr 2012-ci il - BDU-da Yunus Əmrə İnstitutu açılıb.15 sentyabr 1922-ci - Ümumi fizika kafedrasının professoru (1950-1980), Əməkdar elm xadimi, akademik Lətif Muxtar oğlu İmanov (1922-1980) anadan olub. 15 sentyabr 2006-cı il - BDU-da Boloniya sisteminin tətbiqinə başlanıb.15 sentyabr 2008-ci il - Ölkə prezidenti cənab İlham Əliyevin iştirakı ilə yeni tədris korpusunun açılışı olub.15 sentyabr 2010-cu il - BDU-da “Avtomaşlaşdırılmış Meteo stansiya” istifadəyə verilib. 17 sentyabr 1929-cu il - BDU-nun prorektoru (1988-1994), Əməliyyatların tədqiqi və riyazi modelləşdirmə kafedrasının müdiri(1994-2017), Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Cəlal Eyvaz oğlu Allahverdiyev (1929-2017) anadan olub.18 sentyabr 2013-cü il - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva BDU-nun Quba Tədris-təcrübə və istirahət mərkəzinin açılış mərasimində iştirak ediblər. 19 sentyabr 1921-ci il - BDU-da Həmkarlar İttifaqının Yerli Komitəsi (indiki HİK) yaradılıb. 20 sentyabr 1907-ci il - Mexanika-riyaziyyat fakültəsinin dekanı (1953-1965), Funksiyalar nəzəriyyəsi kafedrasının müdiri (1939-1965), Əməkdar elm xadimi, akademik Əşrəf İsgəndər oğlu Hüseynov (1907-1980) anadan olub.20 sentyabr 1928-ci il - BDU-nun rektoru (1993-1996), Beynəlxalq hüquq (1960-1965) və Konstitusiya hüququ kafedralarının müdiri (1965-2012), Milli Məclisin sədri (1996-2005), Əməkdar hüquqşünas, professor Murtuz Nəcəf oğlu Ələsgərov (1928-2012) anadan olub. 20 sentyabr 1929-cu il - Politologiya və sosiologiya (Elmi kommunizm) kafedrasının müdiri (1967-1997), Əməkdar elm xadimi, professor Həsən İsmayıl oğlu Şirəliyev (1929-1997) anadan olub. 20 sentyabr 1932-ci il - Analitik kimya kafedrasının professor (1960-2001), Ekoloji kimya və ətraf mühitin mühafizəsi Elmi-tədqiqat laboratoriyasının yaradıcısı və rəhbəri ( 2001-2017), Əməkdar elm xadimi, akademik Rəfiqə Əlirza qızı Əliyeva (1932-2017) anadan olub.21 sentyabr 1959-cu il - Filologiya fakültəsinin dekanı (1993-2001),Türkologiya kafedrasının professor (1991-2000), Ümumi dilçilik kafedrasının müdiri (2000-2017), Milli Məclisin deputatı (II , III və IV çağırış ), Əməkdar elm xadimi, akademik Nizami Qulu oğlu Cəfərov anadan olub.21 sentyabr 1961-ci il - BDU-da Hesablama Mərkəzi yaradılıb.23 sentyabr 1928-ci il - Fizika fakültəsinin dekanı (1978-1988), Maddə quruluşu kafedrasının müdiri (1972-1992), AMEA-nın müxbir üzvü, professor Sabir Əbdülmanaf oğlu Hacıyev (1928-2013) anadan olub.29 sentyabr 1919-cu il - BDU-nun ilk nizamnaməsi qəbul edilib. 29 sentyabr 1928-ci il - Nəzəri mexanika kafedrasının dosenti (1951-1957), Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, "Qırmızı Əmək Bayrağı"və "İstiqlal" ordenləri laureatı, akademik Azad Xəlil oğlu Mirzəcanzadə (1928-2006) anadan olub. 29 sentyabr 1987-ci il - BDU-da Elmi-tədqiqat hissəsi (ETH) yaradılıb.
215 10-09-2018

Geologiya elminin Vasif Babazadə məktəbi

Cahangir MƏMMƏDLİ

Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor

 

Bakı Dövlət Universiteti böyük, çoxsaylı bir kollektivi əhatə edir və iyirmi beş mindən artıq əməkdaşı birləşdirən bu elm və təhsil müəssisəsində hamını tanımaq heç də mümkün deyil. Amma bu möhtəşəm universitetin əməkdaşları sırasında elə alim-pedaqoqlar var ki, onları nəinki doğma kollektiv, nəinki bütöv Azərbaycan ictimai mühiti, habelə dünyanın bir çox ölkələrinin də elmi dairəsi yaxından tanıyır.

Bu sırada dayanan insanlardan biri geologiya-minerologiya elmləri dokroru, professor, Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, “Şöhrət” ordenli Vasif Babazadədir. Dünya şöhrətli bu böyük alim ömrünü, elmi və ictimai həyatını lap cavanlığından bağladığı Geologiya fakültəsindəki Faydalı qazıntılar kafedrasının müdiri, Yer ehtiyatlarının aerokosmik tədqiqatları elmi-tədqiqat laboratoriyasının elmi rəhbəri və bütün bunlardan əlavə, universitet Tədris-Metodiki Şurasının sədri kimi ciddi vəzifələri yerinə yetirməkdədir. Əslində, saydığım bu elmi və ictimai titullar, vəzifələr akademik Vasif Babazadənin kim olduğunu, universitet, Azərbaycan və dünya elminə hansı xidmətlər göstərdiyini xeyli dərəcədə açıqlayır. Lakin hər bir təvazökar elm adamının fəaliyyətinin, bütövlükdə ömrünün elə dönəmləri də var ki, onlara ancaq onu yaxından tanıyan, bir çox istiqamətdən onun həyat yoluna bələd olan adamlar bələddirlər. Tale elə gətirib ki, mən humanitar bir fakültənin əməkdaşı ola-ola, Vasif müəllimi lap cavan çağlarımdan, qəfil bir tanışlıqdan tanımışam. Onda Vasif müəllim də, mən də universitetin cavan əməkdaşları sırasındaydıq və mənim talismanım Şirməmməd Hüseynov mənə Jurnalistika fakültəsinə qəbul imtahanlarında abituriyentlərin sənədlərini götürməyi tapşırmışdı. 1976-cı ilin isti iyul günlərində həmin o sənəd qəbulunda tanıdım Vasif müəllimi. O zaman bu cavan oğlan artıq doktorluq  dissertasiyasını da müdafiə etmişdi və bu cavan elmlər doktoruna universitet rəhbərliyi adı da özünə çox uyğun gələn məsuliyyətli bir vəzifə etibar etmişdi: qəbul imtahanlarının məsul katibi.

Vasif Babazadə dərhal hamımız üçün çox məsuliyyətli, ciddi bir insan təsiri bağışladı. Əlbəttə, o zamanların qəbul imtahanlarında məsul katibin bu ciddiyyəti və məsuliyyəti ən vacib keyfiyyət idi və rəhbərlik yəqin ki, o cavan oğlanın bu xarakterini əsas götürmüşdü. O vaxt mən bu alimi, pedaqoqu xeyli yaxından tanıdım və o zamandan ötən 42 il ərzində özünün xüsusi elmi məktəbi olan böyük bir alimi Azərbaycan geologiya elminin korifeylərindən biri kimi, tələbələrinə, ətrafına son dərəcə nəzakətli, qayğılı bir insan kimi gördüm, tanıdım.

Elmin zirvəsinə çıxan alim ömrü adətən çətinliklər və ziqzaqlarla dolu olur. Xarakterindən, təvazökarlığından dərhal hiss olunur ki, Vasif Babazadə öz fəaliyyət proqramında xüsusi olaraq akademik statusuna can atmayıb. Onu bu zirvəyə çalışqanlığı, elmi-nəzəri, praktik kəşfləri və bir də, əlbəttə, tale qismətinə qol qoymuş Tanrı özü çatdırıb.

Vasif Babazadənin bioqrafiyası öz dinamikası, intensivliyi ilə heyrət doğurur: 1960-cı ildə universiteti bitirib. O zamanın çətin ictimai şəraitinə baxmayaraq, tezliklə -1964-cü ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyası  müdafiə edib. Onun doktorluq dissertasiyasının mövzusu da qarşıya qoyduğu problemi ilə sanki bu günümüzə ünvanlanıb: “Sevan-Qarabağ zonasının filiz formasiyaları”. Bu mövzunun elmi-nəzəri tərəfləri, geoloji axtarış istiqamətləri bir yana, Vasif müəllim Sevan-Qarabağ zonasının Azərbaycan torpaqları kimi tədqiq etməsi ilə hələ o zaman ermənilərə meydan oxumuşdur... O, həm də bu doktorluq işini Rusiyanın elmi mərkəzi sayılan Novosibirskdə müdafiə etmişdir.

Vasif müəllimin elmi fəaliyyəti geologiyanın çox müxtəlif sahələrini əhatə edir. Lakin onun araşdırmaları daha çox filiz yataqları və metallogeniyanın öyrənilməsi ilə bağlıdır. Dünya şöhrətli geoloq-alim, Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə hələ 20 il bundan əvvəl V.Babazadə haqqında fundamental bir məqaləsində yazırdı: “Göstərilən istiqamətdə uzunmüddətli tədqiqatlar nəticəsində V.M.Babazadə tərəfindən endogen filizəmələgəlmə nəzəriyyəsinin və metallogeniyanın inkişafı üçün böyük töhfə hesab edilən elmi cəhətdən bir sıra maraqlı və praktiki olaraq qiymətli nəticələr əldə edilmişdir”. Akademik A.Əlizadənin tədqiqatçıya verdiyi bu qiymətdə elmi yanaşma ilə birgə həm də həmin əsərlərin praktik (kursiv mənimdir - C.M.) əhəmiyyətini xüsusi qeyd etməsi təsadüfi deyil. Ona görə ki, geologiya bir elm kimi digər fundamental elmlərdən praktik nəticələrə daha yaxın olması ilə diqqəti çəkir. BDU-nun Geologiya fakültəsi və xüsusilə V. Babazadə praktika ilə birbaşa bağlı əsərlər yaratmışdır. Təsadüfi deyil ki, ayrı-ayrı qiymətli filiz yataqlarının tətqiqi və tətbiqi ilə məşğul olan praktik qurumlar V.Babazadənin məsləhətlərini diqqətlə nəzərə alırlar.

Təkrar etməli oluram ki, akademik Akif Əlizadə hələ 20 il bundan əvvəl bu alimin elmi fəaliyyətinin praktik nəticələrini nəzərə alaraq yazırdı: “V.M.Babazadə kiçik Qafqazın qızıl yataqlarının tədqiqi sahəsində böyük iş görmüşdür. O, qızıl yataqlarını ayrı-ayrı sənaye-genetik tiplərə ayırmağa nail olmuş, bu yataqlar üçün filizəmələgəlmənin temperatur rejimini, filizçökdürülmənin vertikal diapazonunu müəyyən etmişdir ki, bu da ümumən qızıl filizi və o cümlədən, gizli kütlələrin perspektiv sahələrini ayırmağa imkan vermişdir”.

Akademik V. Babazadə məhsuldar alimdir. Ömrünü elmə həsr edən bu adam Azərbaycanda və xarici ölkələrdə çap olunan onlarca dərsliyin, dərs vəsaitinin, monoqrafiyanın müəllifidir. Konkret rəqəmlə ifadə etsək, akademikin bu günədək 40-dan çox kitabı işıq üzü görmüdür. Mən bu kitabların səhifələrini hesabladım və belə bir rəqəm alındı: 10.299 və üstəgəl, hər biri ən azı 8-10 səhifə olan 300-dən çox məqalənin minimum səhifəsi: 2400 bunları bir yerdə hesablasaq 12699 səhifə alınacaq. Sonra bu rəqəmi nəşriyyat termini olan çap vərəqinə böldüm (nəşriyyat dilində bir çap vərəqi 16 səhifədir) Onda belə bir rəqəm alındı: 794. Deməli, Vasif müəllimin indiyə qədərki elmi əsərləri 794 çap vərəqi həcmindədir. Onu da qeyd edim ki, mən akademikin müştərək müəlliflik etdiyi kitabları bu hesablamaya daxil etmədim.

V.Babazadəin bir alim kimi məhsuldar fəaliyyəti həm də onun Azərbaycanda kəşf olunan müxtəlif növ filiz yataqlarının meydana gəlməsi, vətənimizə, millətimizə gətirdiyi praktik xeyirlə də ölçülməlidir.

Yuxarıda Vasif muəllimin xarici ölkələrdə də tanınması və yüksək elmi dairələrdə xüsusi qiymətləndirilməsi məsələsinə də toxundum. Vasif müəllim Rusiya, Almaniya, Çin, Türkiyə, İran, İspaniya, Albaniya, Gürcüstan, Serbiya, Ukrayna və digər ölkələrdə təşkil olunan çoxsaylı beynəlxalq simpozium, konfrans və seminarlardakı problematik elmi çıxışları ilə böyük alim nüfuzu qazanmışdır. Onun rus dilini öz doğma dili  qədər səlis bilməsi, rus dilinin elmi üslubunu səviyyəli bir alim kimi mənimsəməsi kitablarının bir çoxunun bu dildə çapına və deməli, daha geniş arealda yayılmasına şərait yaratmışdır. Alimin bir sıra kitabları Moskvanın nüfuzlu nəşriyyatlarında çap edilmişdir.

Aydındır ki, Universitet müəlliminin tələbələr qarşısında qazandığı nüfuzun böyük bir hissəsi onun özünün dərs dediyi fənlərə aid dərslikləri ilə bağlı olur. Vasif Babazadə Geologiya fakültəsində  dərs dediyi fənlərin hər birinə, üstəgəl, digər fənlərə dair  üst-üstə on beşə yaxın dərsliyi və bir neçə dərs vəsaitini hazırlayıb nəşr etdirmişdir. Belə bir  məhsuldar fəaliyyətin nəticəsidir ki, Geologiya fakültəsində dərslik çatışmazlığı minimum səviyyədədir.

Vasif Babazadə bir sıra dövlət və beynəlxalq proqramların, qrant layhəsinin qalibidir. Alimin  bu proqram və layihələrə təqdim etdiyi əsərlərin təkcə mövzularını qeyd etmək kifayətdir ki, onların müəllifinin müsabiqədə qalib gəlməsinin səbəbi aydın olsun: “Cənubi Qafqazın qızıl yataqları: onların genezisi və axtarış əlamətləri”, “Kiçik Qafqazın vulkano - plutonik komplekslərinin mis filizi yataqları: onların genezisi və axtarış perspektivləri”, “Kiçik Qafqaz ada paloqövslərinin vulkano - plutonik komplekslərində inteqral geoloji - genetik modellərin dinamik filizəmələgətirmə sistemləri və qızıl filiz yataqlarının məkan - zaman təkamülü”. Göründüyü kimi, bu mövzuların hamısı nəzəriyyə və təcrübəni birləşdirməklə, milli geoloji axtarışlara güclü təkan verməkdədir.

Vasif Babazadə respublikamızın və bir sıra xarici ölkələrin elmi qurumlarının sayılıb-seçilən üzvləri sırasındadır. O, Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının tərkibindəki Yer elmləri üzrə Şuranın, BDU-da FD.02.195 Dissertasiya Şurasının sədridir. Milli Elmlər Akademiyasında geologiyaya dair neçə-neçə şuranın üzvüdür. Bundan əlavə, Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral - Xammal Elmi-Tədqiqat İnstitutu Elmi Şurasının üzvüdür. Akademik habelə Rusiya EA Yer Elmləri Bölməsinin Stratiform yataqların geologiyası üzrə Regional işçi qrupun, Qafqaz Mineral Xammal İnstitutu Elmi Şurasının (Tbilisi) üzvüdür. Çox qısa xülasəsini təqdim etdiyim bu vəzifələrin hər biri ciddi işgüzarlıq, sıx-sıx ezamiyyətlər tələb edir ki, Vasif müəllim ömrünün bugünkü ahıl çağında da heç vaxt yoruldum demir.

Vasif Babazadə bir Azərbaycan patriotudur. O, xarici  ölkələrdə iştirak etdiyi bütün tədbirlərdə yüksək səviyyə, yüksək elmi istedad və yüksək vətəndaşlıq ləyaqətilə milli maraqlarımızı həmişə önə çəkməkdədir. Yüksək vətəndaşlıq amalı ilə yaşayan bu böyük alim üçün ömrünün bütün şüurlu dövrünü həsr etdiyi Bakı Dövlət Universiteti müqəddəs, sakral bir məkandır. O, Universitetimizin elmi - pedaqoji, ictimai həyatında öz fədakarlığı ilə seçilən bir insandır. Bu fədakarlığı Vasif müəllim Universitetin bir sıra qurumlarına rəhbərliyi ilə, digər qurumlarda üzv kimi iştirakı ilə göstərməkdədir. O, Universitet Elmi Şurasının üzvüdür, Təbiət elmləri üzrə jurnalın elmi redaktorudur.  Tale elə gətirib ki, mən şəxsən özüm onun bu qurumlardakı fədakar işinin canlı şahidi olmaqdayam. Amma alimin daha bir önəmli vəzifəsi var ki, mən bu insanın işgüzarlığını burada daha yaxından izləməli oluram: Vasif müəllim Universitet Tədris-Metodiki Şurasının sədridir. Bu qurumun Jurnalistika fakültəsi üzrə sədri kimi, Universitet Tədris - Metodiki Şurası İdarə Heyətinin üzvü kimi mən, demək olar ki, hər gün Vasif Babazadəni müşahidə etməkdəyəm. Universitet Elmi Şurasının əksər iclaslarında Şuranın sədri, Azərbaycan və Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, rektorumuz Abel Məhərrəmov Tədris - Metodiki Şuranın işinin bu- günkü yüksək səviyyəyə çatmasının əsas səbəbkarının Vasif Babazadə olduğunu xüsusi qeyd edir. Çünki Vasif Babazadə özünün Azərbaycana olan sevgisini bütün vəzifələrdə və xüsusi olaraq Tədris - Metodiki Şuraya rəhbərlikdə daha çox göstərir. Onun bu qurumda idarə heyətinin üzvlərinə, fakültə metodşura sədrlərinə tövsiyə və tapşırıqları, bu tapşırıqların icrasına diqqəti qurumun bu qədər qiymətləndirilməsinin əsasını təşkil edir. Vasif müəllim Tədris - Metodiki Şuranın əməkdaşlarını diqqətdə saxlayır və onun bu sahədəki kadr seçimlərinə verdiyi tövsiyələr öz səmərəsini göstərir. Təkcə onu qeyd etmək yerinə düşər ki, 2016-cı ilin ortalarından Azərbaycan Respublikası Təhsil Nazirliyinin ali məktəb alimlərinin elmi-pedaqoji istiqamətdə əsərlərinin nəşri üçün qrif verilməsini universitetlərə həvalə etdi. Onda Universitet Elmi Şurasının qərarı ilə bu işi icra etmək üçün Qrif Şurası yaradıldı və Vasif müəllimin təşəbbüsü ilə Qrif Şurasına rəhbərlik işi onun çox etibar etdiyi, universal elmi səviyyəsi və obyektivliyi ilə universitet kollektivinin yekdilliklə bəyəndiyi dosent Vaqif Qasımova tapşırıldı. Vaqif Qasımovun fəallığı və Qrif Şurasının intensiv çalışqanlığı ilə çoxdan yığılıb nazirlikdə qalmış minə yaxın dərslik, dərs vəsaiti, fənn proqramlarına, metodiki göstərişlərə, monoqrafiyalara cəmi bir ilin müddətində tələblərə cavab verənlərə qrif təqdim olundu, zəifləri yenidən işlənmək üçün müəlliflərinə qaytarıldı və s.

Akademik Vasif Babazədənin çox qısa xülasəsini verdiyim bu fəaliyyəti dövlətimiz, elmi-ictimai zümrəmiz tərəfindən yüksək qiymətləndirilir. O, hələ 1978-ci ildə Təbii resurslardan səmərəli istifadə etməklə bağlı silsilə əsərlərinə görə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür. Bu mükafat Ümummilli liderimiz Heydər  Əliyevin respublikamıza başçılığının birinci dövrünə düşür. 2000-ci ildə Prezident Heydər Əliyevin Sərəncamı  ilə Vasif Babazadə “Əməkdar elm xadimi” adına layiq görülmüşdür. 2009-cu ildə Prezident İlham Əliyevin fərmanı ilə bu böyük elm xadimi “Şöhrət” ordeni ilə təltif edilib. 2017-ci ildə AMEA-nın akademik Musa Əliyev adına mükafatını almışdır. 2001-ci ildə Bakı Dövlət Universiteti Elmi Şurasının qərarı ilə “İlin müəllimi” nominasiyasının qalibi olmuşdur. Və nəhayət, lap bu yaxınlarda - 2018-ci ilin iyul ayında Vasif Babazadə Gürcüstan Milli Elmlər Akademiyasının akademik Aleksandr Tvalçrelidze adına mükafatına layiq görülüb.

Vasif Babazadənin yaratdığı elmi məktəblərin təməli onun 1973-1980-ci illərdə dekanı olduğu Geologiya - coğrafiya fakültəsində qoyulmuşdur. Bu nüfuzlu alim hələ o illərdə universitet rəhbərliyini inandıra bilmişdir ki, Geologiya elminin və tədrisinin ciddi inkişafı üçün bu tədris müəssisəsində ayrıca fakültəyə ehtiyac var. Beləliklə, bugünkü Geologiya fakültəsi Vasif müəllimin təşəbbüsü ilə yaradılmışdır. Bir az keçəndən sonra Vasif müəllim fakültənin Faydalı qazıntılar kafedrasına rəhbərlik etməklə bərabər, “Yer ehtiyatlarının aerokosmik tədqiqatları” elmi - tədqiqat laboratoriyasını yaradır və bu günədək ona rəhbərlik etməkdədir.

Vasif Babazadə bütün bu elmi fəaliyyətinin nəticəsi olaraq 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. Bir neçə ildən sonra elmə aparan yol onun AMEA-nın həqiqi üzvü seçilməsinə gətirib çıxarmışdır.

Bakı Dövlət Universiteti bu gün Azərbaycan Milli Elmlər Akademiyası ilə sıx əməkdaşlıq edir. Universitetin akademiya ilə sıx əlaqəsinin qurulmasında Vasif Babazadənin də əməyi çoxdur. O, universitetin rektoru akademik Abel Məhərrəmovun tədrisin elmlə bağlılığını daim təmin etmək kimi qarşıya qoyduğu bir vəzifəni ən çox təqdir edən və bunun reallaşmasına öz töhfələrini verən bir alim - pedaqoqdur.

Akademik Vasif Babazadə bir neçə istiqamətdə elmi məktəb yaratmışdır. O, Universitetin Faydalı qazıntılar kafedrasında meydana qoyduğu “Strateji növ mineral-xammal resursları-geoloji xüsusiyyətləri, əmələgəlmə şəraitləri, kompleks mənimsənilmə və istifadənin fundamental problemləri”, “Petroloji və geokimyəvi tədqiqatlar”, “Ofiolit qurşaqlarının metallogeniyasının işlənib hazırlanması” (Qafqazın mərkəzi hissəsinin timsalında) kimi məktəblərini yaratmışdır.

Aydındır ki, yaradıcı şəxsiyyətin elmi, ictimai-fəaliyyəti o zaman məktəb kimi qəbul olunur ki, bu istiqamət özünün şəksiz davamçılarını tapmış olsun. Vasif Babazadənin yaratdığı məktəblərin davamçıları birbaşa onun özünün yetişdirdiyi çoxsaylı alim zümrəsidir.

Mən böyük bir elm xadimi haqqında bu kiçik qeydlərimi Akif Əlizadənin sözləri ilə başlamışdım və sonda da onun sözləri ilə bitirmək istərdim: BDU-nu bitirmiş Vasif Babazadə “1961-ci ildə BDU-ya işə dəvət edilir və o vaxtdan fasiləsiz olaraq universitetdə işləyərək Faydalı qazıntılar muzeyinin kiçik elmi işçisindən Geologiya-coğrafiya fakültəsinin Faydalı qazıntılar kafedrasının müdiri vəzifəsinə qədər bir yol keçir”. Akademik Vasif Babazadə həmin yolun ləyaqətli bir davamçısı kimi bu gün də uğurla irəliləməkdədir. Fərq orasındadır ki, indi bu böyük alim ömrünün ən müdrik çağını yaşayır və canı qədər sevdiyi Azərbaycana daha qiymətli elmi töhfələr verir. Dost deməyə cəsarət etdiyim belə məhsuldar bir alimin sabah - sentyabrın 2-də 80 yaşı tamam olur. Geologiya elmimizin yeni uğurları naminə uca Tanrıdan ona uzun ömür arzulayıram.

Digər yazılar

Elm və təhsilin qoşa addımı yeni proqram formatında