BDU Haqqımızda Əlaqə
fb-logo tw-logo linkedin-logo youtube-logo
English Русский
Ha
TƏQVİM:
1 noyabr 1969-cu il – Ölkə başçısı Heydər Əliyevin iştirakı ilə BDU-nun 50 illik yubileyi qeyd edilib. 1 noyabr 1931-ci il – Fiziki coğrafiya kafedrasının professoru (1973-2003), Dövlət mükafatı laureatı,  akademik Ələşrəf Vəysəl oğlu Məmmədov ( 1931-2003) anadan olub.2 noyabr 2009-cu il – Universitetin 90 illik yubiley mərasimi keçirilmiş və Prezident İlham Əliyevə BDU-nun Fəxri doktoru diplomu təqdim olunub. 7 noyabr 2003-cü il – ABŞ-ın sabiq dövlət katibi Zbiqnev Bzejinski Bakı Dövlət Universitetinin Fəxri doktoru seçilib. 7 noyabr 2007-ci il – Türkiyə Respublikasının prezidenti Abdullah Gül BDU-nun Fəxri doktoru seçilib.7 noyabr 1929 -cu il – Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri (1978-1982) professor Vasif İsmayıl oğlu Əliyev (1929-1982) anadan olub.9 noyabr 1906-cı il – Həndəsə kafedrasının müdiri (1931-1936), Lenin ordenli, akademik Yaroslav Borisoviç Lopatinski (1906-1981) anadan olub.10 noyabr 1934-cü il – Tibb fakültəsinin bazası əsasında Biologiya fakültəsi yaradılıb.11 noyabr 1934-cü il – Mexanika-riyaziyyat fakültəsinin dekanı (1978-1994), Riyazi analiz kafedrasının müdiri (1978-1998), AMEA-nın müxbir üzvü, “Şərəf nişanı” ordenli, Əməkdar elm xadimi, professor Arif Əliheydər oğlu Babayev (1934-1998) anadan olub. 14 noyabr 2017-ci il – Respublika prezidenti cənab İlham Əliyev BDU-nun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalanıb. 14 noyabr 1943-cü il – Geologiya fakültəsində Azərbaycanın Faydalı qazıntıları müzeyi yaradılıb. 15 noyabr 1919-cu il – BDU-da ilk dərs günü olub. 15 noyabr 1933-cu il – Filologiya fakültəsinin dekanı (1977-1980), Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri (1979-1986), professor Firidun Cəlal oğlu Hüseynov (1933-1986) anadan olub.19 noyabr 1919-cu il – BDU-nun Elmi kitabxanası fondda cəmi 250 nüsxə kitabla açılıb. 19 noyabr 1937-ci il – professor Cəbrayıl Ağəli oğlu Ələsgərov rektor təyin olunub.21 noyabr 2012-ci il – BDU-nun rektoru akademik Abel Məhərrəmova“Elm və texnologiya sahəsində 2012-ci ilin İSESKO mükafatı” təqdim edilib. 22 noyabr 1929-cu il – Dövlət və hüquq nəzəriyyəsi tarixi kafedrasının müdiri (1968-ci ildən), “Şöhrət”  və “Şərəf nişanı” ordenli, Əməkdar hüquqşünas, AMEA-nın müxbir üzvü, professor Məsumə Fazil qızı Məlikova anadan olub.23 noyabr 1920-ci il – professor Sergey Nikolayeviç Davidenkov rektor təyin edilib. 25 noyabr 1938-ci il – Azərbaycan və rus dillərində “BDU-nun Elmi əsərləri ” nəşrə başlayıb. 26 noyabr 1994-cü il – Heydər Əliyevin iştirakı ilə BDU-nun 75 illik yubileyi keçirilib. 26 noyabr 1991-ci il – BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu yaradılıb. 26 noyabr 1939-cu il – Analitik kimya kafedrasının müdiri (1979-2006), “Şöhrət” ordenli, professor Dəmir Heydər oğlu Qəmbərov (1939-2006) anadan olub.26 noyabr 1998-ci il – Moldova Respublikasının prezidenti Petru Kiril Luçinski BDU-nun Fəxri doktoru seçilib. 27 noyabr 2004-cü il – Ukrayna Ali Radasının sədri Litvin Vladimir Mixayloviç BDU-nun Fəxri doktoru seçilib. 27 noyabr 1921-ci il – Bakı Universitetinin redaksiya şöbəsi fəaliyyətə başlamış və “Bakı Universitetinin xəbərləri”nin ilk nömrəsi nəşr edilib. 28 noyabr 1920-ci il – Universitetdə prorektor vəzifəsi təsis edilib. 28 noyabr 2008-ci il - BDU-da Rus Mərkəzi açılıb. 30 noyabr 2007-ci il – İran İslam Şurası Məclisinin sədri Qulaməli Həddad Adil BDU-nun Fəxri doktoru seçilib.
93 10-07-2019

100 il əvvəl və 100 il sonra Parisdə… Bu, bir təsadüfdürmü? - REPORTAJ

Azərbaycanın elm və təhsil ocağı, milli mədəniyyət və milli kadr mərkəzi kimi qiymətləndirilən Bakı Dövlət Universiteti öz varlığının 100 illik bayramı ərəfəsini yaşayır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu müqəddəs ocaq çox çətin bir zamanda ağır sınaqlardan keçərək öz təşəkkülünü tapdı. Və elə yarandığı gündən millətin qürur mənbəyinə çevrildi. 1919-cu ilin yanvarında Cümhuriyyət qurucularının fəal nümayəndələrindən olan Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına bir qədər də naümid gedən Azərbaycan nümayəndə heyətinin arzuları səkkiz ayın içində gerçəkləşdi. Bakı Universiteti yaradıldı və o universitetin yubileyi düz 100 il sonra həmin Parisin özündə böyük təntənə ilə qeyd edildi…

Universitet bu 100 ildə nələr gördü?!...

1930-da “millətçi” adı ilə bağlandı və bu ağır zaman dörd ilə qədər uzandı. 37-ci ildə 4 rektoru güllələndi, 41-ci ildə onun rektoru tələbələrini də başına yığıb müharibəyə yollandı, 5 dəfə adı dəyişdirildi, 90-cı illərin əvvəllərində bağlanmaq təhlükəsi ilə üzləşdi... Amma ən çətin illərdə də universitet fədakarlarının hər şeyin yaxşı olacağıyla bağlı ümidi var idi, ancaq heç kəs inanmazdı ki, "dünyanın mədəniyyət mərkəzi" olan Parisdə bizə yubiley keçirilər... Bu, elmimizin, təhsilimizin, ümumilikdə xalqımızın, ölkəmizin, Prezidentimizin uğuru, iqtisadiyyatımızın, siyasətimizin, beynəlxalq nüfuzumuzun növbəti təsdiqidir.

Hər şey oradan başladı…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər  Əliyevin “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı, məzunu olması ilə daim fəxr etdiyi Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında 2017-ci il 14 noyabr tarixli Sərəncam imzaladı... UNESCO-nun İcra Şurası tərəfindən 2018-2019-cu illər üzrə yubileylər siyahısına Bakı Dövlət Universitetinin 100 illik yubileyinin salınması təklifi Baş Konfransın Parisdə keçirilən 39-cu Sessiyasında müsbət dəyərləndirildi, 2019-cu ildə yubiley tədbirlərinin qeyd olunması ilə bağlı Nazirlər Kabineti, Təhsil Nazirliyi və Bakı Dövlət Universiteti səviyyəsində qərarlar qəbul edildi və işlərə başlanıldı. 100 illik tarixi özündə dolğun əks etdirən videofilmə hazırlıq, tarixi və müasir şəkillərdən ibarət sərgi, ecazkar konsert proqramı  üzərində iş… Hamının, xüsusilə, içşi qrupu qarşısında duran məqsəd bir idi: Yubiley ölkəmiz adına, xalqımız adına, universtet adına layiq olmalıdır!  Yubiley 100 yaşlı universitetin mahiyyətini tam əks etdirməlidir. Fotolarda və təqribən 10 dəqiqəlik videofilmdə 1919-2019-cu illər aralığında olan bütün məqamlar əks olunmalıdır. Onun Azərbaycan təhsili və elmi qarşısındakı xidmətləri ilə yanaşı, regional və dünya səviyyəsində rolu açılmalı, dünya təhsil məkanına inteqrasiya üçün seçdiyi yol, nüfuzlu elm xadimləri, məşhur məzunları, alimlərinin uğurları və s. və i. göstərilməlidir! Göstərildi, nail olundu, hər şey ürəkaçan oldu! 12 iyunda UNESCO-da 101 yaşlı dövlətimizin 100 yaşlı universiteti ölkəmiz adına, universitetimiz adına, elm və təhsilimiz adına şərəfli bir tarix yazdı. Yarandığı vaxtdan şərəfli yol keçdiyini nümayiş etdirdi. Vətənpərvər ziyalıların fədakar əməyi sayəsində yetişdirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimlərini UNESCO-nun ali kürsüsündən təqdim etdi. Təqdimatda səslənməyən bir çox fikirlər isə UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov, Təhsil naziri Ceyhun Bayramov, BDU-nun rektoru Elçin Babayevin çıxışlarından eşidildi.

Universitetimizin ilk rektoru V.İ.Razumovskinin hələ 100 il bundan əvvəl “Bakı Universiteti Şərqdə günəş kimi doğacaq” fikri bu günün Paris tədbirində belə səsləndi:

 

“BDU-nun yaradılması ilə tarixdə yeni və şərəfli bir səhifə açıldı…”
 

UNESCO-nun tribunasından səslənən bu təsirli, qürur dolu, şərəf dolu ifadə zalda əyləşən Azərbaycan mümayəndə heyətinin və qonaqların hər birinin ürəyindən idi. Onu simalardan, baxışlardan, təbəssümlərdən sezməmək mümkün deyildi. Ürəyimizdən olan həm də BDU-nun məzunu, səfir Anar Kərimovun tədbirin açılış nitqində universitetin yaradıcısı Azərbaycan Xalq Cümhuriyyəti haqqında ətraflı məlumatı, onun qısa bir müddətdə qadınlara səsvermə hüququ verməsi, parlamentin yaradılması, söz azadlığı, vətəndaşların bərabər hüquqlarının təmin edilməsi kimi köklü islahatların müəllifi olduğunu bəyan etməsi idi.

Bu gün isə Azərbaycanımız dünyaya nümunədir, dünya azərbaycanlılarının qürur yeridir. Çünki, ölkənin rəhbərliyi etibarlı əllərdədir.

 

Nazir və rektor

 

Təhsil naziri Ceyhun Bayramov ölkənin tərəqqisində BDU-nun müstəsna rolundan, onun yetişdirdiyi məzunların ictimai-siyasi həyatda və digər sahələrdəki fəaliyyətlərindən, Ümummilli Lider Heydər Əliyevin bu ali təhsil ocağının məzunu olmasından, BDU-nun rektoru Elçin Babayev isə universitetin keçmiş uğurları ilə yanaşı bugünkü reallaşdırdığı planları və yaxın gələcək üçün qarşısına qoyduğu hədəflərindən söz açdı. Qürur dolu bu çıxışlarda informasiyaların axıcılığı, nitqlərin səlisliyi, fikirlərin məntiqi ardıcıllığı auditoriyanın diqqətini çəkə bilmişdi. Auditoriyanın diqqəti həm də çıxışçıların ölkəmizin tarixi nailiyyətləri, Bakı Dövlət Universitetinin onun əsas uğurlarından biri kimi səslənən fikirlərində, BDU-nun regionda ilk universitet, müsəlman Şərqində isə ilk Avropa tipli ali məktəb olması barədə danışdıqlarında idi. Çıxışlar o qədər rəngarəng, o qədər maraqlı və əhatəli idi ki, bir fikir digərini tamamladıqdan dərhal sonra yeni səhifə açılır və dinləyicini o səhifəni vərəqləməyə vadar edirdi. BDU məzunlarının əksəriyyətinin tanınmış şəxsiyyətlər olduğu ifadə edilir, düz 50 il bundan öncə, 1969-cu ildə universitetin ilk dəfə qeyd olunan 50 illik yubileyində onun dünya şöhrətli məzunu, Ümummilli Lider Heydər Əliyevin fikirlərindən sitat gətirilərək bildirilirdi ki, universitetin yaradılması vətənpərvər qüvvələrin qələbəsi idi, gənc azərbaycanlılara dünya mədəniyyətinin və elminin qapılarını açmaq, onların təhsil alması məqsədilə bu qüvvələrin bir neçə illik mübarizəsinin nəticəsi idi.

 

Bəs UNESCO?


UNESCO Baş direktorunun Afrika departamenti üzrə müavini Firmin Eduard Matoko qurumun Baş direktorunun adından tədbir iştirakçılarını salamlayaraq ölkəmizlə UNESCO arasındakı əlaqələrə toxundu. Yubiley tədbirinin mədəni irs, dialoq, mədəniyyət müxtəlifliyi ruhunu əks etdirdiyini diqqətə çatdırdı. Tolerantlıq, dialoq, mədəniyyət müxtəlifliyi, qarşılıqlı anlaşma və xalqlar arasında həmrəylik məkanında olan BDU-nun elmi təşviq etməsindən danışdı. Bu gün BDU məzunlarının müxtəlif ölkələrdə vəzifələrdə çalışdıqlarını qeyd edərək ölkəmizin UNESCO-ya verdiyi töhfələri yüksək qiymətləndirdi.

 

1919, 1 sentyabr:  Parlament universitetin təsis edilməsi haqqında qərar qəbul edir

 

UNESCO auditoriyasının diqqəti bu faktların təqdim olunduğu monitorda, tarixi fotolarda, kadrarxası mətndə idi. Bu mətndə isə bütöv bir millətin tarixi həqiqəti vardı:

“Deyirlər, Orta əsrlərdə ilk universitetlərin yaranması şəhərlərin inkişafı ilə bağlı olub. Bakı şəhəri istisnadır! Ən azı XIX əsrin ikinci yarısından başlayaraq bu şəhərdə neft sənayesinin sürətli inkişafı Bakını dünyanın aparıcı yaşayış məntəqələrindən birinə çevirib. O illərin mətbuatında Bakını hətta Amerika  şəhərləri ilə müqayisə ediblər... Amma buna baxmayaraq, Bakıda universitet olmayıb! Çünki Rusiya imperiyası Qafqazı işğal edəndən sonrakı illər ərzində bu diyarda təhsilin artırılmasında maraqlı deyildi. Bu ayrı-seçkilik dünyanın müxtəlif şəhərlərində ali təhsil alan ziyalıları daim narahat edib. Bakının hətta heç bir təhsili olmayan məşhur neft milyonçusu Hacı Zeynalabdin Tağıyev bu sahəyə vəsait ayırmağa xəsislik etməyib. Lakin onun öz vəsaiti hesabına məktəb açmaq istəyi də rədd edilib... Məşhur milyonçu müsəlman qızlar üçün Bakıda məktəb açmaqdan ötrü çarın zövcəsinə hədiyyə verməklə bu arzuya çata bilib... Bakıda ali məktəb açmaq istəyənlərə isə birbaşa “yox” cavabı verilib... Qafqazda ali məktəb yaratmaq barədə müzakirələr 1917-ci ilin fevralında Rusiyada baş verən inqilabdan sonra yenidən aktuallaşıb və ancaq Tiflis şəhərində Rus Universiteti açmağa icazə verilib. Çarizm müsəlman Bakısında elm və təhsilin inkişafına maraq göstərməyib! Amma o vaxt artıq xalqımızın Peterburq, Kazan, Moskva, Sorbonna... universitetlərini bitirən oğulları var idi... Və 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin – Şərqdə ilk demokratik respublikanın yaradılması barədə İstiqlal bəyannaməsini məhz belə universitet məzunları imzalamışdı... 1918-ci il dekabrın 7-də bu respublikanın Parlamenti fəaliyyətə başlamış və cəmi 10 gün sonra ilk dəfə parlament tribunasından Bakıda Avropa tipli universitet təsis edilməsi barədə məsələ qaldırılmışdı. Ali təhsilə illərdən bəri qadağa qoyulan bu Şərq şəhərində Avropa tipli universitet ideyasının özü mədəni inqilab demək idi! Universitetin təsis edilməsi ilə bağlı müzakirələr növbəti ilin əvvəllərindən başlanır. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti “Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında” qanun qəbul edir!

Bu ali təhsil ocağında ilk dərslər 1919-cu il noyabrın 15-də başlayır, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aydan sonra bolşevik işğalına məruz qalsa da, universitet bu xalqın elm və mədəniyyət mərkəzi kimi fəaliyyətini davam etdirir. 1922-ci ildə 30 nəfər gənc ali təhsilli həkimə ilk universitet diplomları təqdim olunur. Sonralar xalqın taleyində mühüm rol oynayacaq ilk mütəxəssislər bu universitetdə yetişir... Hətta Nobel mükafatçısı məşhur fizik Lev Landau bu universitetin ilk tələbələrindən olur...

Cəmi iki fakültə ilə fəaliyyətə başlayan universitet böyüyür, yeni fakültələr açılır. Sonra bu universitetin bazasında təzə ali məktəblər yaranır: Ali pedaqoji institut təsis edilir, tibb institutu fəaliyyətə başlayır... İqtisadi təhsil verən yeni ali məktəb formalaşır...

Amma yeni ali təhsil ocaqlarından fərqli olaraq Bakı Universiteti fundamental elmlərin tədrisinə üstünlük verməklə, çoxprofilli klassik universitet kimi ölkənin aparıcı təhsil və tədqiqat mərkəzinə çevrilir.

Müxtəlif illərdə universitetə görkəmli alimlər rəhbərlik edir. İlk rektoru məşhur cərrah Vasili Razumovski, ilk Azərbaycanlı rektoru tanınmış yazıçı Tağı Şahbazi olur. Sonralar bu vəzifə Əziz Əliyev, Abdulla Qarayev, Cəfər Xəndan və s. kimi tanınmış ziyalılara tapşırılır.

İkinci dünya müharibəsi illərində yüksək oktanlı benzin və donmayan sürtkü yağları ixtira etməklə qələbəyə böyük töhfə verən görkəmli kimyaçı Yusif Məmmədəliyev universitetə müharibədən sonra – 50-ci illərin axırlarında rəhbərlik edir...

Bir də... bu universitetin dörd rektoru müxtəlif illərdə Stalin repressiyasının qurbanı olur. Ağır və keşməkeşli çağlar bu əzmkar xalqın iradəsini qıra bilmir. Universitet böyüyür, xalqın qürur mənbəyinə çevrilir.

...Ötən əsrin 80-ci illərinin sonunda Azərbaycanda müstəqillik uğrunda xalq hərəkatı başlayır. Və bu təhsil ocağı bu dəfə də ənənəvi universitet statusuna sadiq qalır – xalq azadlıq hərəkatının mərkəzinə çevrilir.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa edir.

Lakin müstəqilliyin ilk illəri gərgin siyasi və iqtisadi çətinliklərlə sınağa çəkilir. Azərbaycanın müstəqilliyinə ciddi təhlükə yaranır. Keçid dövrünü yaşayan ölkəni xaos və parçalanmadan təcrübəli lider - Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunu xilas edir. O məzun Heydər Əlirza oğlu Əliyev idi...

İstər sovet dövründə, istərsə də müstəqillik illərində universitetin inkişafına, tərəqqisinə sanballı dəstək verən Ümummmilli Lider bu ali təhsil ocağının rolunu və əhəmiyyətini yüksək qiymətləndirir, onu Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı adlandırırdı.

Xalqımızın milli sərvəti olan universitetdə tədrisin keyfiyyəti ilbəil yüksəlir. Hazırda bu təhsil ocağı 24 ölkənin altmışdan çox universiteti ilə əməkdaşlıq edir.

Təsadüfi deyil ki, bu gün universitetin fəxri doktorları siyahısında Heydər Əliyev, İlham Əliyev, Turqut Ozal, Süleyman Dəmirəl, Zbiqnev Bzejinski, Lütvi Zadə, Butros Butros Qali, Corc Robertson, Koiçiro Matsuura, Oljas Süleymenov, Tadeuş Svetoxovski kimi 50-dən çox tanınmış ictimai-siyasi xadim və elm adamının adı var.

Universitetdə xalqlar arasında qarşılıqlı anlaşmaya, mədəni əlaqələrin gücləndirilməsinə xidmət edən Rus Mərkəzi, Abay mərkəzi, Azərbaycan-Koreya İnformasiya təminatı mərkəzi, Bakı King Sejonq İnstitutu, Konfutsi İnstitutu, habelə İnsan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrası fəaliyyət göstərir.

Azərbaycan dövləti ölkənin ilk ali təhsil ocağı kimi universitetin inkişafına daim dəstək verir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi “Bakı Dövlət Universiteti Azərbaycanın inkişafı, Azərbaycanda təhsilin inkişafı, elmi potensialın gücləndirilməsi üçün çox mühüm rol oynamışdır. Bu rol bu gün də davam edir. Çox sevindirici haldır ki, Bakı Dövlət Universiteti bütün bu illər ərzində Azərbaycanda təhsil sahəsində öz aparıcı rolunu qoruyub saxlaya bilmişdir və bu gün bu rol daha da güclənir”.

 

Yeni başlanğıcmı?

 

Videofilm bitir amma auditoriyada bir universitet nuru yaranır. Öz zərrələrini hər tərəfə saçır! Onun nuru tədbirdə olan hər kəsin - Təhsil naziri Ceyhun Bayramovun, Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın, BDU-nun rektoru Elçin Babayevin, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının Baş katibi Elnur Sultanovun, Fransadakı səfirimiz Rəhman Mustafayevin, UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimovun, Təhsil Nazirliyi, BDU və Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin, UNESCO yanında daimi nümayəndəliklərin rəhbərlərinin, Fransada akkreditə olunmuş diplomatik korpusun, işgüzar dairələrin, mədəniyyət və elm nümayəndələrinin, bu ölkədəki azərbaycanlı icmasının və bəlkə də ən əsası bizə rəgbəti olan qonaqların üzünə saçır.
 

BMT-nin təhsil hüquqları üzrə sabiq məruzəçisi Kişor Sing deyir ki, “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin UNESCO-nun Baş qərargahında qeyd edilməsi vacibdir. Azərbaycanda 100 il əvvəl qızlar və oğlanların birgə təhsil aldığı ali məktəbin yaranması, tarixi və fəaliyyəti haqqında göstərilən film ölkədə təhsilə verilən önəmi nümayiş etdirir. Film Bakı Dövlət Universitetinin nailiyyətlərini əks etdirib. Qədim təhsil ocağı böyük şəxsiyyətlər yetişdirib. Təhsil bu gün ən vacib məsələlərdəndir. UNESCO təhsilin inkişafına böyük önəm verir. Ölkənizin qurumda təhsil məsələlərinə verdiyi töhfələr hər kəsə bəllidir. Təhsilin gələcək təşkili önəmli məsələlərdəndir. BDU-nun nailiyyətlərinə çox sevindik”.

 

Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının üzvü Tibol Roş Bakı Dövlət Universitetinin 100 illik yubileyindən məmnun qaldığınn etiraf edir: “Tədbirin proqramı çox zəngin idi. BDU-nun tarixi, bugünkü fəaliyyəti haqqında ətraflı məlumat verildi. Tədbir iştirakçıları BDU-nu qiyabi də olsa tanıdılar. Şərqdə 100 il əvvəl qızlar və oğlanların birgə təhsil aldığı universitetin açılması alqışlanmalıdır. Nümayiş olunan filmdə universitetin yetirmələri ilə tanış olduq. Onların arasında böyük siyasi xadimlər, Nobel mükafatçısı olub. Tədbir emosiyalarla dolu idi”.

 

Emosiyalarla dolu...


Emosiyalarla dolu olan təkcə film deyildi, həm də tədbirin mədəniyyət proqramı çərçivəsində təqdim edilən konsert proqramı idi. Emosiyalarla dolu olan həm də gözlərimizi dəfələrlə dolduran Üzeyir Hacibəyli adına Bakı Musiqi Akademiyasının və Almaniya Münxen Yeni Filarmoniyasının Simfonik Orkestrinin baş dirijoru, Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsinin laureatı Fuad İbrahimov idi, onun istedadı idi, onun özünəməxsus təqdimatı idi. Və bir də Üzeyir Hacibəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin müşayiəti ilə gənc və istedadlı musiqiçilərimizin - beynəlxalq müsabiqələr laureatı Elvin Xoca Qəniyevin (skripka), Etibar Əsədlinin (piano), Vurğun Vəkilovun (piano), Ağarəhim Quliyevin (fleyta), Məhərrəm Hüseynovun beynəlxalq və Azərbaycan bəstəkarlarının əsərlərini ifa tərzi idi.

Hər şey çox gözəl idi, içdən olan isə dinləyici rəğbəti, dinləyici alqışları idi….

 

Bəs “İthaf”, bəs himnimiz?

 

Gecənin kluminasiya nöqtəsi idi. Mədəniyyət Nazirliyinin məharətli təşkilatçılığı ilə ərsəyə gəlmiş konsert proqramında, musiqiçilərimizin təqdim etdiyi möhtəşəm “İthaf” əsərində taleyi universitetlə bağlı olmuş hər kəs - alimlər, elm adamları, məzunu olmuş görkəmli şəxsiyyətlər, fəxri doktoru olmuş dünyanın tanınmış ictimai-siyasi xadimləri xatırlandı, yada salındı... “İthaf”ın ifaçısı hamımızı kövrəltdi...

Və budur hamı ayaqdadır... Sədaları salonu bürüyən qeyri-adi təqdimatda olan  dövlət himnimiz üçün ayaqdadır...

Bəli, 12 iyun UNESCO tarixində bir Azərbaycan uğuru, Universitet günü yaşandı.

Bu, elmimizin, təhsilimizin günü, xalqımızın, ölkəmizin, Prezidentimizin uğuru, iqtisadiyyatımızın, siyasətimizin, beynəlxalq nüfuzumuzun təsdiqi idi.

Bu yubiley tədbirində bir daha aydın oldu ki, Bakı Dövlət Universiteti müasir və samballı təhsil ocağı kimi beynəlxalq aləmdə tanınmaqda, qəbul edilməkdə və yüksək qiymətləndirilməkdədir. Elə bu anda Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamındankı bu sözlər yada düşür: “Respublikada yaradıcı elmi təfəkkürün innovativ ideyalar əsasında formalaşdırılması, hazırlıqlı kadr potensialının davamlı təkmilləşdirilməsi və elmi-intellektual mühitin inkişaf səviyyəsinin daha da yüksəldilməsi, o cümlədən Azərbaycan xalqının tarixi-mədəni dəyərlərinin və mənəvi-əxlaqi sərvətlərinin qorunub yaşadılması Universitetin dünya təhsil məkanına inteqrasiya yolu seçməklə göstərdiyi bugünkü çoxşaxəli, geniş fəaliyyətin başlıca istiqamətlərini təşkil edir”.

 

Pərvanə İbrahimova

Digər yazılar

BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Dövlət Universitetinin əməkdaşları VI Uluslararası Tarix Eğitimi Simpoziumunda (İSHE) iştirak ediblər

BDU 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir

BDU-da görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın 80 illik yubileyi münasibətilə tədbir keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

BDU-nun tələbələri “Kosmos həftəsi” çərçivəsində Şamaxı Astrofizika Rəsədxanasında olublar

BDU-nun Tarix fakültəsinin 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib

BDU-nun rektoru Elçin Babayevin Müəllimlər Günü münasibətilə təbriki

BDU-nun rektoru Elçin Babayev İctimai Televiziyada yayımlanan “Fatehin divanı” verilişində qonaq olub

BDU-da Ümumuniversitet elmi seminarı keçirilib

BDU-nun 100 illik yubileyi Qazax filialında qeyd edilib

Hüquq və Coğrafiya fakültələrinin tələbələri ilə görüş

BDU-nun tələbə və məzunları üçün “Karyerada ilk addım” adlı aktiv məşğulluq tədbiri keçirilib

BDU-nun professoru Xəzər regionuna həsr olunmuş beynəlxalq Mediaforumda iştirak edib

Fransalı alimlər BDU-nun Nano Araşdırmalar Mərkəzi ilə əməkdaşlıq edəcəklər

“100 illik xəzinə” radioverilişinin növbəti buraxılışları yayımlanıb

BDU-nun kafedra müdiri "Şöhrət" ordeninə layiq görülüb

Təhsil naziri Ceyhun Bayramov Əbdüs Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru ilə görüşüb

BDU kollektivi akademik Rəfiqə Əliyevanın məzarını ziyarət edib

Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru professor Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə gəlib